İdman

Azərbaycanın iki cüdoçusu "World Masters" turnirinin gümüş medalını qazanıb

Azərbaycanın iki cüdoçusu "World Masters" turnirinin gümüş medalını qazanıb

21:30

Qətərin paytaxtı Dohada keçirilən "World Masters" turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

XəbərYurd.com Milli.Az-a istinadən xəbər verir ki, 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub. Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertaliana uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, "Tokio-2020"yə Olimpiya lisenziya xalları verən yarışda ölkəmizi 7 cüdoçu təmsil edib. Turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparıb.

---------

19:54

Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə beynəlxalq "Masters" turniri davam edir.

XəbərYurd.com Milli.Az-a istinadən bildirir ki, nüfuzlu yarışa 7 idmançı ilə qatılan Azərbaycan millisinin daha 3 üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi finala yüksəlib.

Kişilər
100 kq

Elmar Qasımov 1/16 finalda Rafael Buzakarini (Braziliya) üzərində qələbə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında israilli Peter Palçikə uduzaraq mübarizəni dayandırıb. 

Yarışa 1/16 finaldan başlayan Zelim Kotsoyev Ramadan Dervişi (Misir) və Quham Ço (Cənubi Koreya) üzərində qələbələrlə 1/4 finala yüksəlib. Bu mərhələdə kanadalı Şaddi Elnahasa qalib gələn idmançı yarımfinalda niderlandlı Simeon Kararinanı da məğlub edib. Finala yüksələn Zelim həlledici qarşılaşmada gürcüstanlı Varlam Lipateliani ilə qarşılaşacaq.

Qadınlar 
+78 kq

1/8 finaldan yarışa başlayan İrina Kindzerska öncə Yasmin Qrabovski (Almaniya), ardınca Hayun Kim (Cənubi Koreya) üzərində qələbə qazanıb. Cüdoçumuz yarımfinalda Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda İrina fransalı Romen Dikko ilə qarşılaşacaq.

Yarışın ilk günündə tatami üzərinə çıxan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) uğursuzluqla üzləşib.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters" nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.

 

Rəylər